Loading...
Kəlbəcər

Kəlbəcər

10-01-2018

Ümumi məlumat

Kəlbəcər rayonu Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Xanlar (Göy-Göl), Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Sahəsi 3054 km2 olan rayonda bir şəhər, bir şəhər tipli qəsəbə (İstisu), 145 kənd vardı. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgüsünə daxildir. Mərkəzi Kəlbəcər şəhəridir. 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır. Kəndləri bunlardır – Abdullauşağı, Ağyataq, Fətallar, Moz, Mozqaraçanlı, Ağcakənd, Oruclu, Təzəkənd, Zağalar, Ağdaban, Bağırlı, Çayqovuşan, Almalıq, Böyükdüz, Laçın, Aşağı Ayrım, Boyaqlı, Yuxarı Ayrım, Bağlıpəyə, Vəng, Başlıbel, Alırzalar, Çovdar, Xallanlı, Şahkərəm, Comərd, Qaragüney, Nəcəfalı, Pirilər, Çaykənd, Kəndyeri, Qasımlar, Mişni, Rəhimli, Çəpli, Zülfüqarlı, Çərəkdar, Çıldıran, Türkeşəvənd, Qalaboyun, Qaraxançallı, Yanşaqbinə, Alolar, Armudlu, Bəzirxana, Hacımalılar, İlyaslar, Dəvədaşı, Mehmana, Çıraq, Məmmədsəfi, Tövlədərə, Dalqılınclı, Barmaqbinə, Dərəqışlaq, Otaqlı, Otqışlaq, Daşbulaq, Alçalı, Allıkənd, Boyur, Dəmirçidam, Qanlıkənd, Bazarkənd, Dovşanlı, Hayad, Əsrik, Çobangərəhməz, Çorman, Tirkeşəvənd, Günəşli, Alçalı, Nəbilər, Hacıkənd, Başkənd, Heyvalı, Yayıcı, Həsənriz, İstibulaq, Ağdaş, Göydərə, Keşdək, Kərəmli, Kolatağ, Damğalı, Qamışlı, Bağırsaq, Keçiliqaya, Zərqulu, Vəngli, Zallar, Həsənlər, Zəylik, Kaha, Hopurlu, Qazıxanlı, Orta Qaraçanlı, Aşağı Qaraçanlı, Baş Qaraçanlı, Xoləzəy, İmanbinəsi, Tatlar, Qılınclı, Alçalı, Quzeyçikin, Qızılqaya, Yuxarı Oratağ, Çopurlu, Qozlu, Qozlukörpü, Lev, Mərcimək, Ağqaya, Birinci Milli, İkinci Milli, Üçüncü Milli, Mollabayramlı, Nadirxanlı, Narınclar, Sarıdaş, Güneypəyə, Seyidlər, Cəmilli, Susuzluq, Qasımbinəsi, Şaplar, Məmməduşağı, Aşağı Şurtan, Orta Şurtan, Soyuqbulaq, Yuxarı Şurtan, Taxtabaşı, Yenikənd, Təkəqaya, Babaşlar, Bozlu, Çormanlı, Qaragüney, Yanşaq, Yellicə, Təkdam, Zar, Şeyinli, Zivel, Şahmansurlu.

Kəlbəcər rayonunun əhalisinin sayı 94,1 min (01.01.2020) nəfərdi. Kəlbəcər əhalisinin 98 faizini Azərbaycanlılar, 2 faizini isə, ruslar, İrandan gəlmə kürdlər və başqa millətlər təşkil edir.

"Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala" mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər.

Səthi dağlıqdır (Murovdağ, Şahdağ, Şərqi Sevan (Göyçə), Vardenis, Mıxtökən, Qarabağ silsiləsinin və Qarabağ yaylasının bir hissəsi). Ən yüksək zirvəsi Camış dağı (3724) və Dəlidağdır (3616). Ərazidə Yura, Tabaşir, Paleogen, Neogen və Antropogen çökmə, vulkanogen-çökmə və vulkanik süxurları yayılmışdır. Ən böyük çayı Tərtər və onun qolları (Lev çayı, Tutqunçay və sair) Bazarçayın da mənbəyi Kəlbəcər rayonu ərazisindədir. Rayonun mərkəzi və şimal hissəsində enliyarpaqlı meşələr, meşə-çöl bitkiləri, yüksək və qismən orta dağlarda alp və subalp çəmənlikləri geniş yer tutur. Meşələrinin ümumi sahəsi 32774 hektardır. Qaya keçisi, qonur ayı, çöl donuzu, daşlıq dələsi, ular, qartal və sair faunasını zənginləşdirir.

Kəlbəcər şəhəri Bakıdan təxminən 450 km qərbdə, Bərdə - İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər (çay) çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir.

Şəhərdə Respublika Dövlət Kənd Təsərrüfatı İstehsal-Texniki Təminat Komitəsinin rayon şöbəsi, məişət xidməti kombinatı, sanitariya-epidemioloji stansiya, 2 orta məktəb, musiqi məktəbi, mədəniyyət evi, 2 kütləvi kitabxana, mərkəzi rayon xəstəxanası, poliklinika, kinoteatr, doğum evi, iri ticarət, sənaye müəssisələri və s. vardı. Geniş dağ düzənliyi üzərində yerləşən Kəlbəcər şəhərini əhatə edən dağlar sanki öz ətəklərini şəhərin ayaqları altında yerə sərmişdir.

Azərbaycanın cənnət məkanı olan Kəlbəcər rayonunun ərazisini başdan-başa gülüstan adlandırmaq olar. Otuz mindən artıq bulağı olan, ilin bütün dövrlərində, hər çeşmə başında qonağı olan Kəlbəcər rayonu təbiətin muzeyidir. Rayon ərazisində 4 mindən artıq bitki növü bitir ki, bunlardan da 200-ü dərman bitkisidir. Zəngin meşələr diyarı olan Kəlbəcərdə yüzlərlə mineral bulaqlar mövcuddur. Min bir dərdin dərmanı olan İstisuyun şöhrəti, sinəsindən qarı-qırovu, zirvəsindən tufanı-çəni heç zaman əskik olmayan Murovun şıltaqlığı, hər il yamacları qonaq-qaralı olan Dəlidağın saysız-hesabsız gülü-çiçəyi aləmə bəllidir. Məhz bu səbəbdən də Qafqaz geologiyasının atası hesab edilən V. Avix Kəlbəcər haqqında demişdir ki: “Kim Tərtərçay dərəsi boyunca seyr etməmişdirsə, İsveçrənin gözəlliyinə yalnız o məftun ola bilər”.

Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Mozçay, Bağırsaq, Qotursu kimi çox böyük müalicə - balneoloji təsirə malik mineral su yataqları da (ümumi istismar ehtiyatları 3093 m3/gün) işğal ərazisində yerləşir.

Təbiətin Kəlbəcərə bəxş etdiyi min bir nemətdən biri də bizi dünyaya tanıdan və loğman kimi neçə milyon insanı sağaldaraq həyata qaytaran dirlik suyu – İSTİSUDUR.

İstisu Kəlbəcərin qərb hissəsində silsilə dağ yamaclarındadır. Göyçə gölündən 300 verstlik yolda yerləşir. Dəniz səviyyəsindən 2225 metr yüksəklikdədir. Oradan dəmiryol stansiyasına (Ağstafaya) 112 verstlik maşın yoludur. Yevlax-Bərdə dəmir yolu ilə isə İstisuya Tərtər-Ağdərədən keçən yol 200 km-dir. Kəlbəcər-İstisu arası isə Tərtər çayı boyunca uzanan maşın yolu ilə 25 km-dir. 1940-cı ildə 2 sahədə (Kəlbəcər-Ağdərə, Kəlbəcər-İstisu) İstisu-Tərtər yolu çəkilmişdi.

Azərbaycan təbiətinin bilicisi, mərhum akademik Mirəli Qaşqayın gözü ilə bu yerlərə baxsaq və dili ilə desək, belə alınardı: “. . . Kəlbəcər rayonundakı İstisu mineral su bulağı təbiətin gözəl hədiyəsidir. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya)) eynidir və bəzi xüsusiyyətlərinə görə dünyada yeganədir”.

O, zamanın ən körkəmli kimyaçı alimi E. E. Karstenski Kəlbəcər ərazisindəki mineral suları yoxladıqdan sonra İstisuyun müalicəvi əhəmiyyətini daha yüksək (hətta- Karlovı-Varıdan da yüksək) qiymətləndirmiş və bu mülicə otağının təkcə bu əraziyə, Azərbaycana, SSRİ-yə deyil, dünyaya şöhrət gətirəcək bir mənbə olduğunu göstərmişdir.

İstisuyun istiliyi 58,8 0C qədərdir. Cəmi mineralların sayı 6,7 qrama çatan 1 litr suyun tərkibi göstərir ki, litium, brom, yod, mərgümüş, fosfor, sink, med, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir. Bu bulaqlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur. Verilən məlumatlar göstərir ki, İstisu mənbələrindən hər il 3 milyard 963 mln. litr su çıxır. Sudolduran sexlər isə bunun cəmi 22 mln. litrindən istifadə edirdi.

İstisu mineral bulaqları 1138-cu ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlmişdir. İstisu mineral bulaq suyu hipertermal, karbon qazlı, hidrokarbonatlı-xloridli-sulfatlı-natriumludur. İstisu mineral bulaqları fəaliyyətdə olan 12 bulaqdan ibarətdir. Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici həm də daxili xəstəlikləri müalicə etmək mümkündür. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilmişdir. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi.

Rayonun İstisu (Kəlbəcər) qəsəbəsində keçmiş SSRİ-də Ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyaları fəaliyyət göstərirdi. Hər il orada 50 min nəfər müalicə olunur və istirahət edirdi. İstisu mineral suyu rayon büdcəsinə ən çox gəlir gətirən təbii sərvətlərdən biridir. Azərbaycan neftinin çıxarılmasına külli miqdarda vəsait xərclənir. Hətta xarici şirkətlərin köməyindən də istifadə olunur. Təbii bulaq olan İstisuyun illik axımı 600 milyon litrə bərabərdir. Ancaq bu suyun cəmi 10 faizindən istifadə olunurdu. Müalicəvi əhəmiyyətinə görə Çexiyanın Karlovu Vari suyundan üstün olan İstisuya şəfa tapmaq üçün müxtəlif ölkələrdən turistlər gəlirdi.

Kəlbəcər rayonu 2 aprel 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuşdur. Kəlbəcərin işğalı zamanı rayonun 54 mindən artıq əhalisi məcburi köçkün düşmüş, 321 nəfər əsir düşmüş və ya girov götürülmüş, 511 nəfər vəhşicəsinə qətlə yetirilmiş, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100 min baş qaramal, 500 min baş qoyun-quzu, 100-lərlə maşın, texnika və s. talan edilmiş və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.

Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 58 min (1993) nəfər əhalisi olan Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13. 000-dək fərdi mənzil, 37. 852 ha meşə sahəsi indi də talan olmaqdadır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.

Kəlbəcər rayonu 25 noyabr 2020 - ci ildə Ermənistan işğalından azad olunmuşdur. Qarabağ Azərbaycandır! 

Mənbə:

Qarabağ Yaddaş kitabı. 2010 MHS- paliqraf

Dövlət Statistika Komitəsinin məlumatları