Loading...
ATƏT PA-nın vitse-prezidenti: Paşinyan konkret siyasət sərgiləmək və bu siyasətin nəticələrinə qatlanmaq məcburiyyətində qalacaq

ATƏT PA-nın vitse-prezidenti: Paşinyan konkret siyasət sərgiləmək və bu siyasətin nəticələrinə qatlanmaq məcburiyyətində qalacaq

09-03-2019

Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişə ilə bağlı verdiyi açıqlamalar son aylar danışıqların perspektivinə olan kövrək ümidləri heçə endirir.

Bunu Trend-ə açıqlamasında ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın qış sessiyasında ilk dəfə idi ki, sülh danışıqları ilə bağlı Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin bu ilin yanvar ayında verdikləri bəyanatları müsbət qiymətləndirdi və Assambleyanı bu müsbət mesajları dəstəkləməyə çağırdı:

"Lakin Paşinyanın son davranışı və səsləndirdiyi fikirlər danışıqların nəticə verəcəyinə olan ehtiyatlı optimizmi aradan qaldırır. Martın 2-də mətbuata verdiyim açıqlamada qeyd etdiyim kimi, Paşinyanın bəyanatlarını və davranışını təhlil edəndən sonra məndə şəxsən belə bir təsəvvür yaranır ki, bu adam sülh prosesinə məsuliyyətlə yanaşmır, bəlkə də nə istədiyinin, nə danışdığının fərqinə varmır".

A.Quliyev əlavə edib ki, N.Paşinyan gah danışıqların formatını dəyişməyə, separatçıları danışıqlar masası ətrafında oturtmağa cəhd edir, gah da xarici işlər nazirini görüşə göndərir, Azərbaycan Prezidenti İlham Əliyevi görən kimi isə təmas qurmağa çalışır və ikitərəfli danışıqlara hazır olduğunu bildirir:

"Düşünürəm ki, Paşinyan ya daxili ictimai rəydən və rəqiblərindən ehtiyat edərək rəsmi danışıqlardan fərqli mövqe sərgiləmək və bu cür pafoslu danışmaq məcburiyyətindədir, ya da bu insan sadəcə səmimi deyil, məsələnin ciddiyyətini və məsuliyyətini tam anlamır. Hesab edirəm ki, hər iki vəziyyət Ermənistan üçün təhlükəlidir və Ermənistan xalqına yaxşı heç nə vəd etmir. Paşinyan gözəl bilir ki, beynəlxalq statusa malik danışıqlar formatını dəyişmək mümkün deyil, buna nə Azərbaycan, nə də bu formatı təsdiq etmiş ATƏT razı olmaz".

ATƏT PA-nın vitse-prezidenti vurğulayıb ki, bu cür cəhdlərin irəli sürülməsi Ermənistanın danışıqlar prosesindən imtina etməsi anlamına gəlir və danışıqlara alternativ olan hərb variantını daha da aktuallaşdırır:

"Bizim diplomatiya bu reallığı bütün mümükün imkanlardan istifadə edərək beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağı davam etdirməlidir. Digər tərəfdən, ATƏT-in Minsk qrupunun həmsədrlərinin də Paşinyanın sülh danışıqlarını təhdid edən bəyanatlarına münasibət bildirməyin vaxtıdır. Hamı bilir ki, Ermənistan rəhbərliyi tərəfindən bu cür ziddiyyətli və anlamsız bəyanatlar verilməsinin və vaxtı süni şəkildə uzadılmasının heç bir siyasi perspektivi yoxdur. Çünki, necə deyərlər, "divar qurtarandan" sonra Paşinyan və onun komandası konkret və dəqiq siyasət sərgiləmək və sərgilədiyi siyasətin nəticələrinə qatlanmaq məcburiyyətində qalacaq. Bu baxımdan Paşınyanın vaxtı getdikcə daralır. Ümid edirəm ki, yaxın həftələrdə gözlənilən rəsmi görüşlər baş tutacaq, Ermənistan rəhbərliyinin münaqişə ilə bağlı mövqeyinə və siyasətinə tam aydınlıq gətiriləcək və biz də buna uyğun olaraq atacağımız sonrakı addımları bir daha nəzərdən keçirəcəyik.

trend.az