Loading...
Erməni KİV: ATƏT-in Minsk qrupunun sonuncu bəyanatı Paşinyanı dalana dirəyib

Erməni KİV: ATƏT-in Minsk qrupunun sonuncu bəyanatı Paşinyanı dalana dirəyib

12-03-2019

Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində Ermənistan Milli Təhlükəsizlik Şurasının növbədənkənar iclasının keçirilməsi dalana dirənmiş vəziyyətlə əlaqədardır.

Trend-in məlumatına görə, bunu Ermənistanın "168 jam" ("168 saat") qəzeti yazır.

Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan həmin iclasda iştirak etmək üçün Xankəndinə gedib. Toplantıya Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "rəhbərliyi" də qatılıb.

Qəzet yazır ki, iclasın gündəliyi rəsmi açıqlanmasa da, aydın məsələdir ki, belə təcili yığıncağın keçirilməsi zərurəti ATƏT-in Minsk qrupunun həmsədrlərinin sonuncu bəyanatından sonra yaranıb.

Məqalədə deyilir ki, həmsədrlər bəyanatda N.Paşinyanın qondarma rejimin danışıqlar masasında oturması ilə bağlı fikirlərinə cavab olaraq danışıqların formatının birtərəfli qaydada dəyişdirilməsi cəhdlərinin yolverilməz olduğunu bildiriblər.

Qeyd olunur ki, bu bəyanatdan sonra Ermənistan hakimiyyəti faktiki olaraq dalana dirənib. Bir tərəfdən, N.Paşinyan qondarma rejimin danışıqlar masasına oturması ilə bağlı bəyanatını təkzib edə bilmir, digər tərəfdən isə qondarma rejimin iştirakı məsələsinin müzakirə olunmayacağı danışıqlarda iştirak edə bilmir. Məhz bu məqam N.Paşinyanı Xankəndidə Ermənistan Milli Təhlükəsizlik Şurasının təcili iclasını keçirməyə məcbur edib.

trend.az