Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda İslam ölkələrinin dövlət və hökumət nümayəndələri iştirak edirlər. 42 ölkənin nümayəndəsinin qatıldığı iclasda ölkəmizi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti təmsil edir.
“Yeni Zelandiyada iki məscidə terror hadisəsi, müsəlmanlara qarşı nifrət və dözümsüzlüklə mübarizə” mövzusunda keçirilən növbədənkənar iclasın açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Prezident ötən həftənin cümə günü Yeni Zelandiyada baş verən qanlı hadisə ilə bağlı İƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasının keçirilməsinin və bu məsələ ilə bağlı dünyaya mesaj verilməsinin zəruriliyini diqqətə çatdırıb. Prezident Türkiyənin İslam dünyasına qarşı planlı şəkildə həyata keçirilən, bütün insanlığa zidd hadisələrə biganə qalmayacağını vurğulayıb.
Prezident Ərdoğan təşkilatın bu toplantısının vacibliyini ifadə edərək, iclasda bir sıra məsələlərin araşdırılacağını və yekun qərarların veriləcəyini bildirib.
Tədbirdə çıxış edən Mübariz Qurbanlı bu müzakirələrə şərait yaratdığına və İslam dünyasında baş verən hadisələrə yüksək həssaslıq nümayiş etdirdiyinə görə Türkiyə Respublikasına dərin minnətdarlığını çatdırıb.
M.Qurbanlı bildirib ki, Azərbaycan terrordan əziyyət çəkən bir ölkə kimi dünyada baş verən terrorizmi beynəlxalq sülh üçün ən ciddi təhlükələrdən, müasir bəşəriyyətin üzləşdiyi ən amansız bəlalardan biri hesab edir. Eyni zamanda, biz bu ümumbəşəri bəlanı doğuran səbəblər və onun yayılmasına şərait yaradan şərtlərlə də ciddi mübarizə aparmalıyıq. Həll olunmamış silahlı münaqişələr, işğalçı siyasət, qeyri-humanist və nifrət təbliğatının yayılması, irqçilik, islamofobiya və ksenofobiyanın digər formaları xüsusi narahatçılığımıza səbəb olmalıdır.
Komitə sədri qeyd edib ki, dünyanın bir çox yerlərində davam edən silahlı münaqişələr, baş verən terror hücumları, eləcə də dünyanın müxtəlif yerlərində islamofobiya, dözümsüzlük, irqçilik və ksenofobiya kimi yüksələn trendlər beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına yönəlmiş hazırkı beynəlxalq mexanizmlərin yetərsizliyini nümayiş etdirir. Buna görə də, coğrafiyamızdakı münaqişələrin həllinə, terrorizmə qarşı mübarizədə qəti mövqeyə, bütün üzv dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qorunmasına yönələn birgə səylərimiz çox vacibdir.
Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini hələ də işğal altında saxladığını xatırladan M.Qurbanlı bildirib ki, təkcə 1989-1994-cü illər ərzində münaqişə dövründə Ermənistanın ölkəmizə qarşı təşkil etdiyi və bilavasitə mülki əhaliyə qarşı yönəlmiş terror kampaniyası nəticəsində minlərlə insan həlak olub və yaralanıb. Komitə sədri deyib: “Heç şübhəsiz ki, bu terror kampaniyasının kulminasiyası, 1992-ci ilin 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərində baş vermiş soyqırımı cinayətidir. Bir gecədə erməni silahlı birləşmələri tərəfindən həyata keçirilmiş qırğın nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər mülki əhali qətlə yetirilib, 1,275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə naməlum qalmaqdadır.
Toplantı qapalı iclaslarla işini davam etdirib. Sonda İstanbul Bəyannaməsi qəbul olunub.