Loading...
Azərbaycan və İtaliya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Azərbaycan və İtaliya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

28-03-2019

Martın 27-28-də Azərbaycanın xarici işlər nazirinin müavini Ramiz Həsənov İtaliyada səfərdə olub. Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər zamanı Ramiz Həsənov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Emanuela Del Re, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin baş katibi Elizabetta Belloni və İtaliya Prezidentinin diplomatik müşaviri səfir Emanuela D’Alessandro ilə görüşlər keçirib, Azərbaycan və İtaliya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb.

Görüşlərdə iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, Prezident İlham Əliyevin İtaliyaya səfərlərinin, ötən il Prezident Sercio Mattarellanın ölkəmizə, Birinci vitse-prezident Mehriban Əliyevanın İtaliyaya səfərlərinin iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verdiyi qeyd olunub, yüksək səviyyəli siyasi dialoqun, qarşılıqlı səfərlərin dinamikasının davam etdirilməsinin vacibliyi bildirilib.

İkitərəfli iqtisadi əlaqələrin də yüksək səviyyədə olmasından, İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı, ölkəmizin isə İtaliyanın ən böyük xam neft təchizatçısı və Cənubi Qafqazda italyan mallarının ən böyük idxalçısı olmasından, çoxsaylı italyan şirkətlərinin Azərbaycanın müxtəlif sektorlarında uğurlu fəaliyyətindən məmnunluq ifadə olunub. İqtisadi əlaqələrin daha da dərinləşməsi üçün prioritet istiqamətlər, o cümlədən enerji, neft-kimya, infrastruktur, nəqliyyat, rabitə, yüksək texnologiyalar və s. sektorlardakı imkanlar ətrafında fikir mübadiləsi aparılıb. Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti, bu dəhlizin tərkib hissəsi olan Trans-Adriatik boru kəmərinin tikintisi ilə bağlı işlərin razılaşdırılmış qrafik üzrə vaxtında yekunlaşdırılmasının vacibliyi bildirilib, boru kəmərinin istismara verilməsinin iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə əlavə töhfə verəcəyi qeyd olunub.

Mədəniyyət, elmi-akademik, təhsil sahələrində mübadilələrin daha da gücləndirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin faydalı olduğu qeyd edilib. İtaliya tərəfi iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişafında Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirib, bu xüsusda həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb.

Görüşlərdə regional mövzulara da toxunulub. Nazir müavini Ramiz Həsənov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün acı nəticələri, münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesinin cari vəziyyəti və ölkəmizin mövqeyi ilə bağlı məlumat verib. Həmçinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığına İtaliyanın töhfələri, Azərbaycan və Avropa İttifaqı arasında mövcud olan strateji tərəfdaşlığın hüquqi əsasını təşkil edəcək yeni saziş layihəsi üzrə aparılan danışıqlar, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq kəsb edən müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Ramiz Həsənov İtaliya Senatının xarici əlaqələr komissiyasının sədri senator Vito Petroçelli və Deputatlar Palatasının xarici əlaqələr komissiyasının sədri deputat Marta Qrande ilə də görüşlər keçirib. Görüşlərdə Azərbaycan-İtaliya parlamentlərarası əməkdaşlığının yüksək səviyyədə olduğu vurğulanıb, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, bu xüsusda ötən il İtaliya Senatının sədri Maria Elisabetta Kasellatinin Azərbaycana rəsmi səfərinin, hər iki ölkənin parlamentində fəaliyyət göstərən parlamentlərarası dostluq qruplarının fəaliyyətinin Azərbaycan və İtaliya arasında müxtəlif sahələrdə əlaqələrə töhfə verdiyi qeyd olunub.