ABŞ Azərbaycanlıları Şəbəkəsi Azərbaycanlıların soyqırımı gününün 101-ci ildönümü ilə əlaqədar amerikalıların məlumatlandırılması üzrə kampaniya aparır.
AZƏRTAC xəbər verir ki, ABŞ Azərbaycanlıları Şəbəkəsinin bu münasibətlə Birləşmiş Ştatların Prezidenti və vitse-prezidentinə, Dövlət Departamentinə, konqresmenlərə, ştatların parlamentlərinin üzvlərinə və administrasiyalarına, KİV-lərə ünvanladığı müraciətdə qeyd olunur ki, hər il martın 31-də dünya azərbaycanlıları 1918-ci ilin mart hadisələrini qeyd edirlər. Həmin tarixdə Bakı, Şamaxı, Göyçay, Qubada azərbaycanlıların kütləvi qırığını baş verib, həmçinin XIX və XX əsrlərdə bunun kimi digər faciələr yaşanıb. Tarixçilərin qənaətinə görə, uzun illər davam edən soyqırımı nəticəsində həlak olan azərbaycanlıların sayı 500 mindən çoxdur. Diqqətə çatdırılır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan edildikdən sonra mart hadisələri araşdırılıb, 1919-1920-ci illərdə martın 31-i milli matəm günü kimi qeyd olunub.
Sovet İttifaqı illərində Azərbaycan xalqı soyqırımı qurbanlarının xatirəsini yad edə bilməsə də, 1991-ci ildə Azərbaycanın müstəqilliyini elan etməsindən sonra ölkədə və xaricdə yaşayan azərbaycanlılar soyqırımının ehtiva etdiyi həm 1918-ci ilin bu faciəsini, həm də 1992-ci ildə Xocalıda dinc azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsi gününü qeyd edirlər.
ABŞ Azərbaycanlıları Şəbəkəsi bu sənəddə azərbaycanlıların soyqırımı tarixi faktının tanınması üçün Birləşmiş Ştatların federal və yerli hakimiyyətlərinə müraciət ediblər.
ABŞ Azərbaycanlıları Şəbəkəsinin apardığı məlumatlandırma kampaniyası nəticəsində azərbaycanlıların soyqırımı 2009-2011-ci illərdə Nevada ştatının qubernatorları Cim Qibbson və Brayn Sandoval, 2011-ci ildə Texas ştatından olan konqresmen Con Zervasın imzaladıqları üç proklamasiya ilə tanınıb.
azertag.az