ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 10-da Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi polkovnik-leytenant Ralf Bosşard keçirəcəklər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, onun səhra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və YSPQ-nin nümayəndəsi polkovnik Yuri Dudçenko aparacaqlar.