Loading...
Tonoyan yenə sayıqladı, Bakıdan ona Dərgahlı cavab verdi

Tonoyan yenə sayıqladı, Bakıdan ona Dərgahlı cavab verdi

09-04-2019

Ermənistanın müdafiə naziri David Tonoyan yenidən Azərbaycanın yeni ərazilərinin işğal ediləcəyi barədə hədələyici bəyanatla çıxış edib.

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Tonoyan “Mediamaks” agentliyinə müsahibəsində “rəqibin arxa cəbhəsinə keçib xaos yaratmağa” hazırlaşan hücum bölmələri barədə danışıb.

“Təxribat halında biz düşmənlə onun ərazilərində üzləşəcəyik...Söhbət standart addımlardan getmir, zərurət yarandıqda bizim hücum qruplarımız düşmənin arxa cəbhəsində xaos yarada bilər”-Tonoyan lovğalanıb.

Onun sözlərinə görə, əgər Azərbaycan hərbi əməliyyatlara başlasa o zaman erməni silahlı qüvvələri “təkcə B nöqtəsinə deyil, C, D, E nöqtələrinə də zərbə endirəcək”. Tonoyan bildirib ki, Ermənistanın çoxfunksiyalı qırıcılar almasını asimmetrik cavab hesab etmək olar. Belə ki, Ermənistan silahlı qüvvələri böyük məsafədən rəqibə təsir göstərə biləcək.

Tonoyanın dediyinə görə, Ermənistanda adamlar hərdən Azərbaycanın informasiya məkanının təsiri altına düşürlər. “Azərbaycana elə gəlir ki, qələbələr və ərazilər haqda söhbətlərdə inhisarçılığa malikdir. Belə monopoliyalar onlarda artıq yoxdur və olmayacaq”-o bildirib.

David Tonoyanın bu müsahibəsinə Bakıdan Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı cavab verib.

“Ermənistan müdafiə nazirinin səsləndirdiyi növbəti sərsəm fikirlər heç bir normal məntiqə sığmayan, anormal düşüncəli şəxsin sayıqlamasına bənzəyir”-o bildirib.

 “Ermənistan hakimiyyətini təmsil edən bu şəxsin beynəlxalq terrorçulara bənzər tərzdə çıxış etməsi, bu məntiqlə davranaraq dinc əhaliyə qarşı açıq-aydın təhdid dolu fikirlər səsləndirməsi xaosun məhz rəsmi Yerevanın hazırkı rəhbərliyində mövcud olduğunu sübut edir. İşğalçı ölkənin müdafiə nazirinin son çıxışları Nikol Paşinyan hakimiyyətinə qarşı yönəlmiş və David Tonoyanın gələcək siyasi karyerası üçün hesablanmış hiyləgər planın bir hissəsidir. Ermənistan rəsmilərinin müharibə hədəsi ilə dolu səsləndirdikləri təhdidləri ciddi qəbul etməyən Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün döyüşə tam hazırdır”, - deyə polkovnik V.Dərgahlı qeyd edib.

Xatırladaq ki, David Tonoyan Azərbaycan və Ermənistan rəhbərləri arasında Vyana danışıqlarının başa çatmasından cəmi 3 saat sonra Nyu-Yorkda erməni icması qarşısında çıxışı zamanı “yeni ərazilərin işğalı üçün yeni müharibə” formuluna keçdiklərini elan etmişdi.

Tonoyanın bu sərsəm bəyanatına Azərbaycanda bir neçə gün sonra müdafiə naziri Zakir Həsənov AzTV-yə müsahibəsində cavab verib. Nazir bildirib ki, artıq 90-cı illər deyil və ermənilərin yeni torpaqlar tutmaq üçün hücuma keçməsini səbrsizliklə gözləyir: “O zaman biz Tonoyanla yəqin ki, Yerevanda rastlaşmalı olardıq”.

Ermənistan müdafiə nazirinin son bəyanatı təsdiq edir ki, Paşinyan hökuməti Qarabağ məsələsində yeni kusr götürüb: mümkün qədər tez-tez populist və hədələyici bəyanatlar səsləndirmək, nəticədə Azərbaycanı cavab bəyanatlarına vadar etmək. Belə görünür ki, Tonoyanın bu cür bəyanatlarına artıq sözlə cavab vermək effektli olmayacaq, düşmən tutarlı hərbi cavab üçün darıxmağa başlayıb.

Virtualaz.org