Bakıda Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransı (IDEC) keçirilir.
ONA-nın xəbərinə görə, konfransda çıxış edən Azərbaycanın Baş naziri Novruz Məmmədov hərbi münaqişə zonalarından narkotik vasitələrin qanunsuz dövriyyəsinə diqqət çəkib.
Azərbaycanın da belə bir problemlə üzləşdiyini vurğulayan Baş nazirin sözlərinə görə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağ və ətraf rayonlarda narkotik vasitələrin istehsalı və tranzit üçün istifadə edilməsi narko biznesin və beynəlxalq terrorizmin genişlənməsinə şərait yaradır.
"Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə cəlb olunan şirkətlərin qanunsuz iqtisadi fəaliyyəti işğalın davam etdirilməsinə, eləcə də narkotrafikə və digər cinayət hallarına zəmin yaradır. Azərbaycan işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətə cəlb olunan fiziki və hüquqi şəxslərin mənsub olduğu ölkələri müvafiq tədbirlər görməyə çağırır", - deyə N. Məmmədov qeyd edib.
Konfrans panel müzakirələrlə davam edir.
***
09:12
Bakıda Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans keçirilir.
ONA-nın xəbərinə görə, tədbirə Azərbaycanın dövlət və hökumət nümayəndələri də qatılıb.
Konfransın açılış mərasimində ABŞ və Azərbaycanın dövlət himnləri səsləndirilib. Beynəlxalq konfransın ölkəmizdə keçirilməsi barədə ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının təklifi olub.
Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 15 noyabr tarixli sərəncamı ilə Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.
Tədbirlə bağlı bəzi təşkilati məsələlər barədə Nazirlər Kabinetinin sərəncamı ilə 00işçi qrupu yaradılıb və konfransın Tədbirlər Planı təsdiq edilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək beynəlxalq konfrans narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı dünyada mövcud olan müasir mübarizə üsullarından ölkə mütəxəssislərinin bəhrələnməsinə şərait yaradacaq.
Dövlət Gömrük Komitəsinin fəal iştirakı ilə təşkil edilən, “Qlobal tərəfdaşlıqların səfərbər edilməsi”nə hədəflənmiş Bakı konfransının məqsədi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qlobal mübarizəyə cəlb olunmuş yüksək vəzifəli rəsmiləri bir araya gətirmək, bu bəşəri problemin həlli yollarını müzakirə etmək, fikir və qabaqcıl təcrübə mübadiləsi aparmaqdır.
Bəşəriyyəti ciddi narahat edən, yeni təhlükələrə və bəlalara yol açan narkotiklərə tələbatın azaldılması yollarının tapılması baxımından nadir platforma olan Beynəlxalq Konfransın əsası 1983-cü ildə qoyulub. Sonradan o, 130-dan çox ölkədən olan nümayəndələrin iştirakı ilə keçirilən ümumdünya forumuna çevrilib. Beynəlxalq Konfrans birinci dəfə 1983-cü ildə Panamada keçirilib.
Narkotiklərlə mübarizə üzrə Beynəlxalq Konfrans hərəsində 3 dəfə olmaqla Braziliya, Argentina, Meksika və Dominikanda, hərəsində 2 dəfə olmaqla Panama, Çili, ABŞ, Kolumbiya, Boliviya və Peruda, hərəsində 1 dəfə olmaqla Qvatemala, Ekvador, Baham adaları, Kosta Rika, Kanada, İspaniya, Türkiyə, İndoneziya, Rusiya, İtaliya və Niderlandda keçirilib.
Bakı konfransında narkotiklərlə mübarizə üzrə müzakirələr aparılacaq, Azərbaycan paytaxtından dünyaya yeni mesajlar veriləcək.
ona.az