Loading...
“Paşinyanın bu siyasəti hərbi əməliyyatların bərpasına gətirib çıxara bilər...”

“Paşinyanın bu siyasəti hərbi əməliyyatların bərpasına gətirib çıxara bilər...”

29-04-2019

“Biz Ermənistan tarixində misli görünməmiş halla üz-üzəyik. Hakimiyyət danışıqlar formatının dəyişdirilməsi barədə söhbətlər istisna olmaqla danışıqlar prosesini hansı prinsiplər əsasında aparmağa hazırlaşdığını bəyan etmir”.

Virtualaz.org xəbər verir ki, bu sözləri Ermənistanın hazırda həbsdə olan keçmiş prezidenti Robert Köçəryanın administrasiyasının rəhbəri olmuş Viktor Soqomonyan Rusiyanın “FAN” (“Federal Xəbərlə Agentliyi”-“Kremlin aşbazı” kimi tanınan oliqarx Yevgeni Priqojinə məxsusdur) agentliyinə müsahibəsində deyib.

“Bununla bağlı çox böyük narahatlıqlar var. Konkret olaraq belə narahatlıq var ki, erməni tərəfinin bu siyasəti beynəlxalq birlik-Minsk Qrupunun həmsədrləri, vasitəçilər tərəfindən qeyri-konstruktiv olaraq qiymətləndiriləcək və hərbi əməliyyatların bərpasına gətirib çıxaracaq. Bu, olduqca arzuolunmaz ssenaridir”-Soqomonyan əlavə edib.

Köçəryanın tərəfdaşı ümid edir ki, Paşinyan hökuməti tezliklə formatla bağlı mövqeyini müəyyən edəcək və danışıqlar prosesində hansı prinsiplər əsasında iştirak edəcəyini açıqlayacaq. “Ancaq bundan sonra Qarabağ məsələsinin nizamlanması perspektivləri barədə danışmaq olar”-o bildirib.

Xatırladaq ki, Paşinyanın danışıqlar formatını dəyişməyə və qondarma “dqr”i danışıqlara tərəf kimi cəlb etməyə yönəlmiş cəhdləri artıq Minsk Qrupu həmsədrləri tərəfindən rədd edilib. Həmsədrlər birgə bəyanatla çıxış edərək bildiriblər ki, danışıqlar formatının dəyişdirilməsinə yönəlmiş birtərəfli cəhdlər qəbuledilməzdir.

Virtualaz.org