“Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə qəbul olmaq istəyənlərin sayı artmaqdadır və buraya qəbul üçün hətta güclü müsabiqə vəziyyəti yaranır”
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə deyib.
Onun sözlərinə görə, bu gün AMEA büdcədənkənar vəsaitləri Yüksək Texnologiyalar Parkının fəaliyyəti nəticəsində əldə edir: “Bizim arzumuz budur ki, elmin inkişafı üçün dövlət büdcəsinin vəsaitləri ilə yanaşı, büdcədənkənar vəsaitlərdən də istifadə edək”.
A.Əlizadə bildirib ki, son illər ərzində akademiyada elm və təhsilin inteqrasiyası sahəsində mühüm tədbirlər həyata keçirilib. Akademik AMEA-da Tədqiqat Universitetinin yaradılması ilə bağlı müvafiq tədbirlərin görülməsini zəruri sayıb. Bildirib ki, gənc alimlərin təcrübə keçmək və təhsil almaq məqsədilə dünyanın nüfuzlu elmi mərkəzlərinə və ali təhsil müəssisələrinə göndərilməsi istiqamətində işlər daha da gücləndirilməlidir.
Onun sözlərinə görə, akademiyanın Strateji Elmi Tədqiqatlar Mərkəzinin ölkənin müdafiə qüdrətinin gücləndirilməsi ilə bağlı fəaliyyəti davam etdirilməlidir. Həmçinin multidissiplinar tədqiqatların gücləndirilməsi istiqamətində riyaziyyat və informatikanın elmin müxtəlif sahələrinə tətbiqinə xüsusi diqqət ayrılmalı, alimlər qeyri-neft sektorunun inkişafına öz töhfəsini verməlidirlər.
Azərbaycan alimlərinin əldə etdikləri uğurlardan söz açan A.Əlizadə deyib ki, ilk dəfə olaraq, xarici alimlərlə birlikdə Qafqazın tektonik xəritəsi hazırlanıb. Tarixçilər İrəvanın Azərbaycanın tarixi torpağı olması barədə yeni sübutlar əldə edib, orada xristian əhalinin olması ilə bağlı uydurma fikirləri təkzib edən faktlar üzə çıxarıblar. (azvision.az)