Loading...
Elmar Məmmədyarov: Ermənistanın demokratik inkişafı bu ölkəni Azərbaycanla substantiv danışıqlar aparmağa sövq edəcək

Elmar Məmmədyarov: Ermənistanın demokratik inkişafı bu ölkəni Azərbaycanla substantiv danışıqlar aparmağa sövq edəcək

13-05-2019

Ermənistanın demokratik inkişafı bu ölkəni Azərbaycanla substantiv danışıqlar aparmağa sövq edəcək və bu da öz növbəsində zorla etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıtmasına gətirəcək.

Trend-in məlumatına görə, bunu Brüsseldə Şərq Tərəfdaşlığı (ŞT) Xarici İşlər nazirlərinin görüşündə çıxışı zamanı Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib.

Nazir vurğulayıb ki, Azərbaycan özünü regionda, eləcə də Avropa İttifaqı (Aİ) ilə münasibətlərində etibarlı tərəfdaş kimi doğruldub: "Təəssüflər olsun ki, bir sıra regional perspektivlər, o cümlədən bağlılıq, ticarət layihələri və bəzi digər təşəbbüslər həll olunmamış münaqişələrin girovu olaraq qalmaqdadır. Ermənistan tərəfindən davam etdirilən Azərbaycan ərazilərinin işğalı bütün bölgəmizin daha yüksək əməkdaşlıq səviyyəsinə keçməsinə maneələr törədir. Əgər biz birlikdə ŞT vasitəsilə irəliləyiriksə, onda Aİ-nin qonşuluq siyasətinin məqsədlərinə nail olmaq üçün münaqişələrin nizamlanması və işğalın aradan qaldırılması məsələləri öz həllini tapmalıdır. Avropa Parlamenti tərəfindən 2013-cü ilin oktyabrında qəbul edilmiş qətnamədə bəyan edildiyi kimi, Aİ-nin bir tərəfdaşı digər tərəfdaşının ərazisini işğal edə bilməz. Beləliklə, burada təkcə BMT Təhlükəsizlik Şurası, BMT Nizamnaməsi və ya ATƏT sənədləri deyil – Aİ-nin qanunverici qurumu hər şeyi öz adı ilə adlandırmışdır. İnanırıq ki, ŞT-nin gələcəyi və uğuru məhz bölgədə təhlükəsizlik və sabitliyin qoruna biləcəyindən asılıdır.

Buna görə, Aİ və onun üzvləri daxil olmaqla, ŞT-də iştirak edən bütün tərəflər ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərini tam şəkildə dəstəkləməli və onlara əməl etməlidir. Bu mövqeyə bütün səviyyələrdə və bütün formatlarda qəbul olunan bütün sənədlərdə riayət olunmalı və məhz belə yanaşma əsas meyar kimi götürülməlidir".

trend.az