Loading...
Şuşada üç tarixi məscid bərpa edilir

Şuşada üç tarixi məscid bərpa edilir

09-06-2021

Heydər Əliyev Fondu Şuşada Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin bərpa-təmir işlərini aparır.

Trend-in məlumatına görə, hər üç məscidin memarı Kərbəlayi Səfixan Qarabağidir və bu məscidlər ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır.

Ermənistanın Şuşanı işğalda saxladığı dövrdə bir çox tarixi-mədəni abidələrlə yanaşı, bu məscidlər də vandalizmə məruz qalıb.

Yuxarı Gövhər ağa məscidinin interyeri məhv edilib, minarələrinin dekoru zədələnib, örtükləri və s. dağıdılıb. Sözügedən məscidin birinci mərhələdə bərpası başa çatıb, ikinci mərhələ üzrə bərpa işləri aparılır. Bu mərhələdə məscidin daşları ilkin layihəyə uyğun olaraq dəyişdirilir. Məscid ərazisində dağıdılmış mədrəsə də bərpa ediləcək.

İşğal dövründə dağıntıya məruz qalan Aşağı Gövhər ağa məscidində isə xarici ekspertlərin iştirakı ilə qiymətləndirmə işləri aparılır.

Saatlı məhəlləsində yerləşən tarixi Saatlı məscidi Şuşa şəhəri Ermənistan tərəfindən işğal olunduqdan sonra xarabalığa çevrilib, dağıntılara məruz qalıb.

Ekspertlər hazırda həmin məsciddə də mövcud vəziyyəti araşdırır.

Trend.az