Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonunu işğal altında saxlaması regional sülh və təhlükəsizliyə ciddi təhdiddir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti xanım Salome Zurabişvilinin şərəfinə verilən rəsmi ziyafətdə deyib.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar: “Müstəqillik qazandıqdan sonra ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın iradəsinə uyğun olaraq strateji tərəfdaşlıq xarakteri almışdır. Azərbaycan ilə Gürcüstan arasındakı siyasi, iqtisadi və humanitar əlaqələr ən yüksək səviyyədədir. Gürcüstanın Prezidenti vəzifəsinə seçildikdən sonra xanım Salome Zurabişvilinin xarici ölkələrə ilk səfərləri sırasında Azərbaycana rəsmi səfəri ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir”.
Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini bildirən Prezident İlham Əliyev iqtisadi sahədə də yaxşı nailiyyətlərimizin olduğunu vurğulayaraq qeyd edib: “Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından və Gürcüstanda əsas investorlardan biridir. Azərbaycan şirkətləri Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkətlər sırasındadır. Birgə həyata keçirdiyimiz irimiqyaslı enerji layihələri – Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri enerji resurslarımızın nəqlinin şaxələndirilməsi və bunun üçün müasir infrastrukturun yaradılması baxımından çox əhəmiyyətli hadisələrdir. Bu gün icra etdiyimiz irimiqyaslı transmilli Cənub Qaz Dəhlizi layihəsi ölkələrimiz üçün böyük əhəmiyyət daşıyır. Hazırda uğurla icra edilən bu layihənin dörd elementindən üçü – “Şahdəniz-2”, Cənubi Qafqaz Kəməri və TANAP layihələri başa çatdırılmışdır. Əlbəttə ki, enerji əməkdaşlığı layihələri digər sahələrdəki əlaqələrimizdə də çox mühüm rol oynayır.
Mən xüsusilə nəqliyyat sahəsindəki əməkdaşlığımızı qeyd etmək istərdim. 2017-ci ildə açılışını etdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolu tarixi əhəmiyyətə malikdir. Qitələri birləşdirən bu dəmir yolu Azərbaycanın və Gürcüstanın tranzit potensialını böyük dərəcədə genişləndirir. Bu gün artıq Bakı-Tbilisi-Qars dəmir yolu ilə göndərilən yüklərin həcmində artım hiss olunmaqdadır”.
Ölkələrimizin beynəlxalq təşkilatlarda da sıx əməkdaşlıq etdiklərini bildirən dövlət başçısı Azərbaycanla Gürcüstanın hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini də dəstəklədiklərini vurğulayıb: “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, ölkəmizin Dağlıq Qarabağ regionunun və ətraf yeddi rayonunun hərbi işğal altında saxlanması regional sülh və təhlükəsizliyə ciddi təhdiddir. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və Baş Məclisi, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, NATO, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı qətnamə və qərarlarda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, münaqişənin məhz bu prinsiplər əsasında həllinə qəti dəstək ifadə olunmuşdur. Keçən il Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış “Tərəfdaşlıq Prioritetləri” sənədində də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı dəstəklənmişdir”.
Prezident İlham Əliyev ölkələrimiz arasında sıx əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyini bildirərək dedi: “Bu gün ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişafı üçün digər sahələrdə də – turizm, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, elm, təhsil, mədəniyyət sahələrində də yaxşı imkanlar və perspektivlər mövcuddur".
trend.az