Loading...
Tural Gəncəliyev: Qondarma rejimin “nümayəndələri”nin qeyri-konstruktiv açıqlamaları artıq təəccüb doğurmur

Tural Gəncəliyev: Qondarma rejimin “nümayəndələri”nin qeyri-konstruktiv açıqlamaları artıq təəccüb doğurmur

28-02-2019

İşğal edilmiş Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin “nümayəndələri”nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində aparılan danışıqlara xələl gətirən yersiz və qeyri-konstruktiv açıqlamaları artıq təəccüb doğurmur. Tiqran Abramyanın səsləndirdiyi fikirlər bunu birmənalı şəkildə təsdiqləyir. O, qoşunların təmas xəttində hazırkı vəziyyəti şərh edərək, vəziyyətin qiymətləndirilməsi üçün çoxsaylı amillərin nəzərə alınmalı olduğunu və Azərbaycanın təmas xəttində guya qeyri-sabitlik yarada biləcək fəaliyyət apardığını iddia edib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri özünü Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin "prezidentinin müşaviri" qismində təqdim edən Tiqran Abramyanın erməni KİV-lərində səsləndirdiyi fikirlərə cavab olaraq “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev söyləyib.

T.Gəncəliyev deyib: “Tiqran Abramyanın və qondarma rejimin diqqətinə çatdırmaq istərdim ki, münaqişənin sülh yolu ilə birdəfəlik tənzimlənməsinin yeganə yolu işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması və oradan qovulmuş azərbaycanlı əhalinin öz torpaqlarına geri dönüşü ilə mümkündür. Bunun əvəzinə, qondarma rejimin “təmsilçiləri”nin dili ilə qeyri-konstruktiv atmosfer yaradılması qəbuledilməz haldır.

Tiqran Abramyana, həmçinin xatırlatmaq lazımdır ki, işğalçı Ermənistan adambaşına düşən gəlir səviyyəsi və həbi sahəyə ayırdığı xərclərə görə təkcə regionda deyil, beynəlxalq səviyyədə hərbiləşmiş ölkə kimi tanınır.

Onu da qeyd etmək yerinə düşər ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırda aparılan danışıqların ruhuna və formatına zidd olaraq, qondarma rejimin nümayəndələrinin danışıqlara cəlb edilməsi ilə bağlı Tiqran Abramyanın səsləndirdiyi təxribat xarakterli fikir və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının bərabərhüquqlu icmalar olduğunun qeyd edilməməsi Ermənistanın münaqişəsinin birdəfəlik sülh yolu ilə həll edilməsində maraqlı olmadığına dəlalət edir.

Avropa İnsan Hüquqları Məhkəməsinin Çıraqov və digərləri Ermənistana qarşı işi üzrə verdikti bir daha təsdiq edir ki, qondarma rejim bilavasitə Ermənistanın təsiri altındadır və onun siyasi, maliyyə və hərbi dəstəyi sayəsində mövcuddur. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan sadə ermənilər də bu işğalçı siyasətdən əziyyət çəkirlər.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü çərçivəsində yenidən sülh şəraitində birgə yaşamağa qadir olduqlarına inanırlar. Hər iki icmanın xoşbəxt gələcəyi və regionun təhlükəsiz iqtisadi inkişafı işğalın nəticələrinin aradan qaldırılması ilə mümkündür.