Loading...
Qarabağ xalçaları

Qarabağ xalçaları

Qarabağ xalçalarının 33 kompozisiyası mövcuddur. Yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə görə Qarabağ xalçaları sıx hündür və yumşaq xova malikdir. Qarabağ xalçaları həyat eşqi və parlaq koloriti ilə seçilirlər. Onlar dörd qrupa bölünürlər: medalyonsuz, medalyonlu, namazlıqlar və Süjetli. Bu xalçalar Qarabağın dağlıq hissəsində Malıbəyli, Muradxanlı, Daşbulaq, Cəbrayıl, Horadiz və bir çox başqa qəsəbələrində istehsal olunurdu.

Azərbaycanın cənub–qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda–dağlıq və aran zonalarında inkişaf etmişdir. Yazılı mənbələrdə ərəb tarixçiləri Əl–Müqəddəsi, Məsudi və b. tərəfindən X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi adı çəkilən Qarabağın Dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri və Daşbulaq, Dovşanlı, Girov, Trniviz, Çanaxçı, Tuğ, Köhnə Tuğlar, Hadrut, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Dağ Tumas kəndləri əsas rol oynayırdılar. Dağlıq zonaya nisbətən xammalla, şübhəsiz ki, daha yaxşı təmin olunmuş aran rayonlarında Cəbrayıl, Ağdam, Bərdə və Füzuli xalça istehsalında əsas yer tutur. Bu mərkəzin hər birində əhalisi satış üçün intensiv şəkildə xalça toxuyan çoxlu miqdarda kəndlər mövcud olmuşdur. Oz bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından Zəngəzur və Naxçıvan xalça istehsalı mərkəzləri də Qarabağ xalça məktəbinə daxildirlər.

"Aran xalçası", "Bağçadagüllər xalçası", "Balıq xalçası", "Buynuz xalçası", "Bərdə xalçası", "Bəhmənli xalçası", "Qarabağ xalçası", "Qoca xalçası", "Qasımuşağı xalçası", "Ləmbəran xalçası", "Muğan xalçası", "Talış xalçası", "Lampa xalçası", "Malıbəyli xalçası", "Xanqərvənd xalçası", "Xanlıq xalçası", "Xantirmə xalçası", "Çələbi xalçası", "Şabalıdbuta xalçası", və s. çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. Qarabağda evlərin interyerlərinə uyğunlaşdırılmış 5 xalçadan ibarət dəst xalı–gəbələr geniş yayılmışdır.

XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdir. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyaların üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları–"Bağçadagüllər xalçası", "Saxsıdagüllər xalçası", "Bulud xalçası" və s. çeşnilər toxunurdu. Qarabağ xalçalarının rəng–boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir. Qədim dövrlərdən Azərbaycan xalçalarının ara sahə yerliyi ənənəvi olaraq qırmızı rəngdə işlənmişdir. Müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən burada rənglər müxtəlif növ həşaratlardan da alınmışdı. Onların içərisində qırmızı rəng almaq üçün ən geniş yayılmışı koşenildir. Xalq arasında ona "qırmız böcəyi", "qurd qırmız", "palıd cücüsü" deyilirdi.

Çələbi xalçası

Qarabağ xalçalarının motivləri öz bədii dəyərinə və təfsirinin orijinallığına görə bənzərsizdir. Bu xalçalar üfuqi simmetriya prinsipi üzrə mövzunu dekorativ cəhətdən mənimsənilməsinin əsl xalq manerasında qurulmuşdur. Əvvəllər Qarabağ xalçalarında gözəl rəsmlərlə yanaşı, ovçuluq süjeti əsaslıq təşkil edirdisə,sonralar xalçaçılığın ovçuluq süjetinə marağın azaldığı aydın görünür. Onlarda dinamik ov səhnələri demək olar ki, yoxdur,ovçuluğun ancaq atributları,simvolları göstərilmişdi. Sonralar həmin proses getdikcə dərinləşir və XX əsrin ilk rübündə ovçuluq bir mövzu kimi tamamilə yox olur,öz yerinin bir-birilə ancaq kompozisiya baxımından əlaqəli heyvan təsvirlərinə verir. "Şəddə" tipli xalçaların xovlu xalçalara təsiri məhz bununla izah edilir.

Qədim xovsuz "Şəddə" xalçaları kompozisiya cəhətdən ibtidai, üfuqi simmetriyanın prinsipi üzrə qurulur və birtipli adam və heyvan fiqurları paralel bölgüdə intəhasız təkrar edilir. Bitkin ovçuluq motivlərinə marağı itirən xovlu xalça ustaları həmin bədii prinsipdən istifadə edirlər. Məsələn: XIX əsrin axırlarında Qarabağda "Atlı-itli", "İtli-Pişikli", "Marallı-Ceyranlı" cə s. Xovlu xalçalar toxunmuşdur. Bu kompozisiya baxımından heyvan təsvirləri olan üfuqi zolaqlardır.

Xalq dastanının qəhrəmanı, Şərqin böyük şairi Firdovsi nin "Şahnamə" poemasında baş qəhrəman Rüstəmə həsr edilmiş Qarabağ xalçaları xüsusilə gözədəyəndir. Rüstəm və Söhrab xalçalar seriyası miniatür rəngkarlığı üçün ənənəvi kompozisiya prinsiplərinin xalq ruhunda təfsiri ilə diqqətə layiqdir. Bunlar öz ideya, bədii xüsusiyyətlərinə görə xalq xalçaçılıq sənətinin sözün əsl mənasında tayı-bərabəri olmayan inciləridir.

Qarabağ məktəbində süjetli xalçaçılıq özünəməxsus üslubda inkişaf etmişdir. Qərbi Avropa rəngkarlığının təsvirindən azad olan bu xalçaçılıq sənəti kökləri əsrlərin dərinliklərinə,xalqın psixologiyasına gedib çıxan dekorativ tətbiqi sənətin təşkilinin əzəli bədii prinsiplərini bərqərar edirdi. Çox fiqurlu kompozisiyalarda motivlərin nəql şəklində təfsirindən süurlu surətdə imtina edilməsi simvolikanın və həyat hadisələrinin qrafik şərhinin güclənməsi-bunlar Şimali Azərbayacan, xüsusilə Qarabağ xalçalarında ən xarakterik cizgilər idi.

Buynuz xalçası

“Buynuz” adı alan xalçalar Qarabağ tipinə aiddir. Onlar Dağlıq Qarabağın müxtəlif xalçatoxuma məntəqələrində istehsal olunur. Qarabağlı qocaman xalça sənətkarları “Buynuz” xalçasını əvvəllər olduğu kimi, “Horadiz”adlandırırlar. Orta Asiyada və Yaxın Şərqdə, həmçinin Azərbaycanda qoyun, öküz, keçi kimi buynuzlu heyvanları müqəddəs hesab edirdilər. Əvvəllər əkinçiliklə, məhsulla, sonra totemizmlə, daha sonra isə astronomik anlayışlarla “Buynuz” müxtəlif simvol və təsəvvürü ifadə edirdi. Güc və cəsarət rəmzi olan öküz eyni zamana, "səma qüvvələri" ilə simvollaşdıraraq, su və əkinçilik allahını təcəssüm etdirir. Xalçanını orta sahəsinin kompozisiyası tamamilə üslublaşdırılmış buynuz təsvirlərindən ibarətdir. “Buynuz” xalçalarının orta sahəsini təşkil edən, oxşar formalı elementlər, bəzəklər incəsənət ənənəsi və ümumi qəbul edilmiş qaydalara görə, bir-birinin ardınja düzülərək üfiqi cərgə yaradır. Bu “Buynuz”ların assimmetrik quruluşu bir tərəfdən xalçanı canlandırır, digər tərəfdən isə bu xalçaları istənilən ölçüdə toxumağa imkan verir. Bu “Buynuz”ların ətrafında toplaşan, xalçanın əsas elementini təşkil edən müxtəlif formalı detallar bu kompozisiyada doldurucu element rolunu oynayır.

Balıq xalçası

Bu xalça Qarabağ tipinin ən geniş yayılan xalçalarından biridir. Ölkəmizin şimalında “Balıq”, İran Azərbaycanında isə “Moxi” adı ilə tanınır. “Balıq” xalçası Qarabağan bütün xalçatoxuma məntəqələrində istehsal olunmasına baxmayaraq, onun əsas istehsal mərkəzi Bərdə şəhəri hesab olunurdu. XVIII əsrin ikinci yarısından isə “Balıq” xalçası Şuşa şəhərində də istehsal olunurdu. XIX əsrin ikinci yarısından Şuşa şəhərində istehsal olunan xalı və xalçaların təqribən 35 faizi “Baılq” tipinə aid idi. Məşhur “Eraq”, “Bıçaq”, “Mustofi” və başqa xalçalar əsas etibarilə “Balıq” təsviri əsasında toxunurdular. “Balıq” kompozisiyası eyni prinsipə tabedir, onun spiralları isə qısa məsafəli rapportlarda yerləşirlər. Spiralın sonuna əyilmiş yarpaqlar hərdən uzun formada yığılaraq, “Balıq” təsvirini xatırladır, buna görə də xalça sənətkarları şərti olaraq bu kompozisiyanı “Balıq” adlandırırdılar.

Qarabağ xalçası

“Qarabağ” adı ilə tanınan xalçalar Azərbaycanın bütün xalçatoxuyan məntəqələrində istehsal olunub və hal-hazırda da istehsal olunmaqdadır. İstehsal yerindən asılı olaraq bu xalçalar müxtəlif adlarla çağrılır, lakin sənətkarlar bu xalçaları “Qarabağ” adlandırırdılar. XIX əsrdə Şuşada İstanbul bazarlarına satış üçün istehsal olunan bu kompozisiyalı xalçalar “Xan” və ya “Xan Qarabağ” kimi müxtəlif adlar almışdılar, eyni eskizlə Qubada toxunan xalçalar isə “Africa” adlanırdılar. “Qarabağ” adı ilə tanınan xalçalar bir neçə növdə olur:

1. Bir neçə medalyondan ibarət olan orta sahənin kompozisiyası İran və Hindistan bədii parçalarının əsasən basma naxışlı pərdələrini xatırladır. Bitki elementləri ilə bəzədilmiş bu medalyonları XV-XVII əsr Təbriz rəssamlarının tərtibatı hazırlanmış Quranın və ədəbi-bədii əsərlərin üz qabığında rast gəlmək olar. Medalyonların yuxarı və aşağı tərəfində yerləşən başlıqlar medalyonlar ilə orta sahə arasında boş yerləri doldurur.

2. Həmçinin xalça toxuyujuları arasında “Çini-çeşni” adı alan “Qarabağ” xalçaları mövcuddur. Bu xalçaların kompozisiyasını bir cərgədə yerləşən səkkizguşəli medalyonlar təşkil edir.

Xanlıq xalçası

Xanlıq Azərbaycanın ən tanınmış xalçatoxuma məntəqəsidir. Burada istehsal olunan xalçalar incəsənət əsərlərinin gözəl nümunəsi olub və hər zaman da belə olaraq qalmaqdadır. Yüksək keyfiyyətləri ilə seçilirlər. XIX əsrdə Cəbrayılda, xüsusilə də Mirzəcanlı, Əfəndilər, Daşkəsən, Süleymanlı kəndlərində istehsal olunan xalçalar Dünya bazarına və yaramarkalarına ixracat olunan xalçalardan daha gözəl hesab olunurdu. “Xanlıq” xalçasının orta sahəsində böyük gel yerləşir. Onun yuxarı və aşağı hissəsində iki quba, orta sahənin dörd küncündə isə simmetrik yerləşmiş ləçək yerləşir. “Xanlıq” xalçasına xarakterik olan haşiyələr zolaqlardan ibarətdir. “Xanlıq” xalçasının orijinal nümunələri xüsusi sifarişlə toxunmuş mürəkkəb kompozisiyalı xalını özündə əks etdirir. Məsələn, XIX əsrdə şairə Xurşudbanu Natəvanın müşayiəti altında xalq arasında “xan qızı” kimi tanınan “Xanlıq” xalçası toxunmuşdur.

Qasımuşağı xalçası

Azərbaycan xalçaçılıq məktəblərindən olan Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aid edilən xovlu Qasımuşağı xalçası.

“Qasımuşağı xalçası”nının adı indiki Laçın rayonunun şimalında yerləşən Şamkənd, Ərikli, Kürdhacı, Çorman və Şəlvə kəndinin əhalisinin adı ilə bağlıdır. Qasım Hacı Sam oğlu qeyd-şərtsiz bir vaxtlar burada yaşayan hörmətli şəxs olub. Bu kəndlərdə yaxın keçmişə qədər yüksək növ xalçalar istehsal olunurdu. “Qasımuşağı” xalçalarının orta sahəsinin kompozisiyası incəsənət nöqteyi-nəzərdən orijinal olub, müxtəlif detallardan və elementlərdən ibarətdir. Xalçanın mərkəzində haşiyələrlə əhatə olunmuş böyük medalyon yerləşir. Medalyonun ortasında dördguşəli medalyon (xonça) yerləşir. Gölün yanlarından dörd bir tərəfə burulmuş budaqlar ayrılır. Orta sahənin yuxarı və aşağı hissəsində mərkəzi medalyondan çıxan, forma etibarilə budağa oxşar bir neçə böyük “qol” yerləşir. Bu göllərin (böyük gölin yuxarı və aşağı hissəsində) arasında yalnız bu xalçalara xas olan və naxışın ümumi rəsmini harmoniyalaşdıran qubpa yerləşir.

Bəhmənli xalçası

Bu xalçanın adı indiki Fizuli rayonunda yerləşən Böyük Bəhmənli kəndinin adı ilə bağlıdır. “Bəhmənli” xalçasınını orta kompozisiyası bir-birinin ardınja düzülmüş, orijinal formalı fiqurlar təşkil edir. Orta sahədə yerləşən bir və ya iki fiqur xüsusən maraqlı olan kompozisiyadır. qocaman xalçatoxuyanların təxminlərinə görə, bu fiqurlar “heykəl”, “manqal” və ya “çanq” (pənjə), digərləri isə sanaqlıbağanı təsvir edir. Belə bir nəticəyə gəlmək olar ki, heyvan fiquruna bənzəyən bu fiqurlar müəyyən tayfanın totemi olan çanaqlıbağanın təsviri ilə bağlıdır.

Malıbəyli xalçası

Qarabağ xalçaçılıq məktəbinin Şuşa qrupuna aid edilən Malıbəyli xalçaları öz adını Şuşa şəhərindən 15 km şimalda yerləşən Malıbəyli kəndinin adından götürmüşdür. Bu kəndin kişi sakinləri heyvandarlıq və əkinçiliklə, qadınları isə xalça və gəbə toxumaqla məşğul olurdular. Onların xalçaları bütün Qarabağda məşhur idi. Haqqında danışılan xalça yalnız Malıbəylidə deyil, həm də Qarabağın digər xalçaçılıq məntəqələrində toxunurdu. Bu kənd xalçaçılıq məhsullarının istehsalı ilə məşhurdur: çuval, xurcun, mərfəş, yəhər üstü örtük və s. Bunlar məişətdə və kənd–təsərrüfatında geniş istifadə olunurdu. Yaxın zamanlaradək Malıbəylidə naxışlı keçələr də toxunurdu, onun naxışları orta əsrlərdə Orta Asiyanın dekorativ incəsənət əsərlərinin naxışları ilə oxşardır.

Malıbəyli xalçasının orta sahəsinin kompozisiyasını şaquli istiqamətdə yerləşmiş qellər təşkil edir. Bu qellər orijinal bədii xüsusiyyətlərə malikdir: onlar orta sahənin hansı hissəsində yerləşməsinə və kəmiyyətinə baxmayaraq, formalarına görə eynidirlər. Hər bir qelin mərkəzində hovuz təsviri yaradan kvadrat formalı element yerləşir, onun üzərində isə əks tərəflərə baxan iki ördək təsvir edilir. Ördəklər həyat əhəmiyyətli ünsürlərdən biri olan suyu simvolizə edən 5 formalı naxışlarla əhatə olunur. Kvadratlar özləri isə bulud təsviri yaradan naxışların forması olan ilanabənzər elementlərlə əhatə olunur. Məlum olduğu kimi, dekor elementi və bulud təsviri kimi Şərq dekorativ incəsənətinin bütün sahələrində qədim zamanlarda və orta sahələrdə istifadə olunan ördək təsvirləri xüsusilə suyu simvolizə edən rəmzi mənaya malikdir. IX əsrdən etibarən, bulud təsviri və uyğur – çin incəsənətinin, xüsusilə miniatür və saxsı məmulatlarının digər dekorativ elementləri Azərbaycan xalq incəsənətinə daxil olur. Azərbaycan incəsənətinin bu elementləri belə asanlıqla qəbul etməsinin səbəbi yerli ictimai şərtlərlə, dini inanclarla və əhalinin həyat tərzi ilə bağlıdır. Yaxın Şərq ölkələrində və Azərbaycanda suyu balıq, ördək, düz və dalğalı xətlər və ya onların hissələri şəklində təsvir etmişlər.

Mənbə:

www. mct. gov. az