Loading...
ATƏT sənəd - Regional məsələlər (6. 12. 1994)

ATƏT sənəd - Regional məsələlər (6. 12. 1994)

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏM fəaliyyətinin fəallaşması

Budapeşt, 6 dekabr 1994-cü il

1. Münaqişənin davam etməsi və bunun nəticəsində baş verən insan faciəsindən təəs­süfləndiklərini ifadə edərək, iştirakçı dövlətlər ATƏM-in Minsk qrupu ilə əməkdaşlıqda Rusiya Federasiyasının vasitəçilik səyləri nəticəsində 1994-cü il mayın 12-də razılaşdırılmış atəşkəsi münaqişə tərəflərinin təsdiqlədiklərini alqışladılar. Onlar Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə sadiq qaldıqlarını təsdiqlədilər və ATƏM-in münaqişənin sülh yolu ilə nizamlanmasına yönəlmiş səylərinə Təhlükəsizlik Şurasının göstərdiyi siyasi dəstəyi alqışladılar. Bu məqsədlə onlar münaqişə tərəflərini birbaşa əlaqələr daxil olmaqla məsələnin mətləbinə dair daha intensiv danışıqlara çağırdılar. Bu mənada onlar ATƏM-in səyləri və köməyini ikiqat gücləndirəcəklərinə söz verdilər. Onlar ATƏM-in Minsk qrupunun vasitəçilik səylərini qəti şəkildə bəyəndilər və Rusiya Federasiyasının həlledici yardımını və Minsk qrupunun digər fərdi üzvlərinin səylərini yüksək qiymətləndirdilər. Onlar bu səyləri ATƏM çərçivəsində əlaqələndirərək bir araya gətirmək qərarına gəldilər.

2. Bu məqsədlə onlar danışıqlar üçün vahid və razılaşdırılmış baza yaratmaq, həmçinin bütün vasitəçilik və danışıqlar fəaliyyətinin tam şəkildə əlaqələndirilməsini təmin etmək məqsədilə, Fəaliyyətdə olan Sədrə, iştirakçı dövlətlərlə məsləhətləşmələr əsasında və mümkün qədər tez hərəkət etməklə, Minsk qrupunun həmsədrlərini təyin etməyi tapşırdılar. Həmsədrlər bütün danışıqlar səylərində ATƏM prinsiplərini və razılaşdırılmış mandatı əsas tutaraq, Minsk qrupunun görüşlərində birlikdə həmsədrlik və Fəaliyyətdə olan Sədrə birlikdə məruzə edəcəklər. Onlar işlərinin gedişi barəsində Daimi Şuraya müntəzəm olaraq məlumat verəcəklər.

3. Bu səylər çərçivəsində ilk addım kimi, onlar mövcud atəşkəsin davam etdirilməsinə kömək etmək məqsədilə Rusiya Federasiyasının və Minsk qrupunun digər fərdi üzvlərinin dəstəyilə və onlarla əməkdaşlıq şəraitində təcili tədbirlərin görülməsini, və əvvəllər vasitəçilik fəaliyyəti zamanı əldə olunmuş irəliləyişə əsaslanaraq, həyata keçirilməsi bütün tərəflər üçün münaqişənin əsas nəticələrini aradan qaldırmağa və Minsk konfransını çağırmağa imkan verəcək silahlı münaqişənin dayandırılması haqqında siyasi sazişin imzalanması məqsədilə tezliklə danışıqlar aparmağı Minsk qrupunun həmsədrlərinə tapşırdılar. Daha sonra onlar Minsk konfransının həmsədrlərindən, xüsusilə humanitar sahədə, inamın möhkəmləndirilməsi tədbirlərinin həyata keçirilməsi istiqamətində münaqişə tərəfləri ilə birgə işi davam etdirməyi xahiş etdilər. Onlar iştirakçı dövlətlər tərəfindən həm fərdi əsasda, həm də müvafiq beynəlxalq təşkilatlar çərçivəsində qaçqınların acınacaqlı vəziyyətini yüngülləşdirməyə xüsusi diqqət yetirmək şərti ilə regionun əhalisinə humanitar yardımın göstərilməsi üzrə tədbirlərin həyata keçirilməsi vacibliyini qeyd etdilər.

4. Onlar razılaşdılar ki, münaqişə tərəflərinin fikirlərinə uyğun olaraq yuxarıda qeyd olunan sazişin əldə edilməsi həmin sazişin həyata keçirilməsinin vacib elementi kimi çoxmillətli sülh­mə­ramlı qüvvələrin yerləşdirilməsinə imkan verə bilərdi. Onlar silahlı münaqişənin dayan­dırılması haqqında tərəflər arasında sazişin əldə edilməsindən sonra, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinin qəbul edilməsi şərti ilə, ATƏM-i çoxmillətli sülhməramlı qüvvələrlə təmin etmək üçün siyasi hazırlıqlarını bəyan etdilər. Onlar Fəaliyyətdə olan Sədrdən 1992-ci il Helsinki Sənədinin III fəsli əsasında və Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinə tam uyğun olaraq təşkil ediləcək belə qüvvələrin yaradılması, tərkibi və fəaliyyəti barəsində qısa zaman ərzində plan işləyib hazırlamağı xahiş etdilər. Bu məqsədlə Fəaliyyətdə olan Sədrə Minsk konfransı həmsədrləri və Minsk qrupu, həmçinin Baş Katib tərəfindən kömək ediləcək; müvafiq məsləhətləşmələrdən sonra o, həmçinin bu qüvvələrin, başqa məsələlərlə yanaşı, ölçüsü və xarakteri, onlara rəhbərliyi və onların idarəsi, maddi-texniki təchizatı, müvafiq altbölümlərin və resursların bölünməsi, güc tətbiq etmək qaydası və qüvvə verən dövlətlərlə razılaşmalar haqqında tövsiyələrin hazırlanması üçün Vyanada yüksək səviyyəli planlaşdırma qrupu yaradacaq. O, Birləşmiş Millətlər Təşkilatının texniki məsləhət və ekspertiza yardımının gös­tərilməsinə hazır olması haqqında etdiyi bəyanatına əsaslanaraq, Birləşmiş Millətlər Təşkilatına kömək üçün müraciət edəcək. O, həmçinin, ATƏM-in sülhməramlı qüvvələrinin mümkün yer­ləş­dirilməsi üçün BMT Təhlükəsizlik Şurasının uzunmüddətli siyasi dəstəyini əldə etməyə çalışacaq.

5. Belə hazırlıq işini və 1992-ci il Helsinki Sənədinin III fəslinin müvafiq müddəalarına əsasən və tərəflər arasında razılığın əldə olunmasından və onların Minsk konfransının həmsədrləri vasitəsilə Fəaliyyətdə olan Sədrə rəsmi xahişindən sonra Daimi Şura ATƏM-in sülhməramlı əməliyyatının keçirilməsi barəsində qərar qəbul edəcək.

Mənbə: http://www. azerbaijan. az

http://www. osce. org